Texniki pasportla torpağa çıxarış almaq mümkündür?
Aşağıdakı 2 texniki pasportdan biri ilə torpaq sahəsinə çıxarış almaq olar:
– Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlarla; – Üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlarla (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda).
Dövlət və ictimai mənzil fonduna çıxarış almaq üçün hansı sənədlər lazımdır?
– 2009-cu il oktyabrın 1-dək dövlət və ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair yerli icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; – mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan, həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; – mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); – dövlət rüsumunun ödənilməsi barədə sənəd; – ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd; – ərizə.
Mənzil-tikinti kooperativi binasının tərkib hissəsi olan yaşayış (qeyri-yaşayış) sahələrinə çıxarış almaq üçün hansı sənədlər lazımdır?
– mənzil-tikinti kooperativində pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışı; – mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri – yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); – yaşayış (qeyri-yaşayış) sahəsinin plan-cizgisi, onun yerləşdiyi mərtəbənin layihəsindən təsdiq edilmiş çıxarış; – dövlət rüsumunun ödənilməsi barədə sənəd; – ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd; – ərizə
Qeyd: Mənzil, kooperativ olmayan qeyri-dövlət hüquqi şəxsə aid olduqda notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi təqdim edilməlidir.